Spiegel: Almaniya Müdafiə Nazirliyi yeni helikopterlərlə bağlı problemlə üzləşib

Digər ölkələr
  • 01 noyabr, 2026
  • 23:36
Spiegel: Almaniya Müdafiə Nazirliyi yeni helikopterlərlə bağlı problemlə üzləşib

Almaniya Federal Hesablama Palatası ordunun yeni döyüş helikopterləri ilə təchizatı layihəsinin icrasında yol verilən nöqsanlara görə ölkənin Müdafiə Nazirliyini kəskin tənqid edib.

"Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı Bundestaq (Almaniya parlamenti) üçün hazırlanmış məxfi hesabata istinadən məlumat yayıb.

Sənəddə bildirilir ki, 2023-cü ildə Bundesver üçün sifariş edilmiş yeni yüngül döyüş helikopterləri planlaşdırılandan xeyli gec döyüş qabiliyyətinə malik olacaq.

Hesablama Palatasının qiymətləndirməsinə görə, layihənin icrası "kritik mərhələdədir". Bununla belə, qrafikdən geri qalmaq əsas problem hesab edilmir. Sursatların sertifikatlaşdırılması ilə bağlı çətinliklər səbəbindən ordu yaxın perspektivdə yalnız uça bilən, lakin atəş aça bilməyən helikopterlər əldə edə bilər.

Jurnalın yazdığına görə, bu vəziyyət Berlinin NATO qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini də təhlükə altına qoyur. Belə ki, Almaniya 2029-cu ilədək alyansa 12, 2032-ci ildən etibarən isə 72 döyüş qabiliyyətli yüngül helikopter təqdim etməyi planlaşdırır.

Nəşr hesab edir ki, belə bir ssenarinin reallaşması Almaniya hökuməti üçün ciddi problemə çevrilə bilər.