Xaçmaz Reabilitasiya Mərkəzində bu ilin 11 ayında 5 mindən çox şəxsə xidmət göstərilib
- 16 dekabr, 2025
- 13:13
Xaçmaz Reabilitasiya Mərkəzində bu ilin 11 ayı ərzində 5 mindən çox şəxsə müxtəlif xidmətlər göstərilib.
"Report" un Şimal bürosunun məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Xaçmaz Reabilitasiya Mərkəzinə təşkil etdiyi mediaturda bildirilib.
Məlumat verilib ki, müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş 14 çarpayılıq Mərkəzdə əlilliyi olan şəxslərin, eləcə də 44 günlük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir.
Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.
Cari ilin 11 ayında Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan 5 mindən çox şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.
Qeyd edək ki, Agentliyin tabeliyində ümumilikdə 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir və həmin müəssisələrdə bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 130 min şəxsə reabilitasiya xidmətləri göstərilib.