Sosioloq: Uşaq və yeniyetmələrlə bağlı sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə məqsədəuyğundur
- 04 iyul, 2026
- 12:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda uşaqların və yeniyetmələrin sosial şəbəkəyə çıxışlarına məhdudiyyətlər qoyulması məqsədəuyğun addımdır.
Bunu "Report"a açıqlamasında sosioloq Nail Cəlil deyib.
Onun sözlərinə görə, rəqəmsal mühit, sosial şəbəkə günün reallığıdır:
"Dünyanın bir çox ölkələrində məhz sosial şəbəkələr, süni intellekt texnologiyaları, rəqəmsal mühitlə bağlı çox ciddi müzakirələr gedir. Çünki onun praqmatik töhfələri ilə yanaşı həm də neqativ təsirləri də var. Xüsusilə də bu neqativ təsirlərə uşaqlar, yeniyetmələr və gənc nəsil məruz qalır. Mütəxəssislərin də araşdırmalarından görünür ki, sosial şəbəkə platformaları uşaqlarda fraqmental düşüncə yaradır, riyazi-məntiqi təfəkkürü zəiflədir, özünə qapalılığa meyilləndirir, asosial davranışlara məruz qalırlar".
Sosioloqun fikrincə, mənfi təsirlərlə yanaşı, sosial şəbəkələr, süni intellekt texnologiyaları, smart qurğular uşaqların təhsil, karyera uğurları üçün imkanlar açır:
Nail Cəlil bildirib ki, dövlət başçısının rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan və kontentlərdən qorunması ilə bağlı Sərəncamında uşaqların sosial şəbəkələrdən, smart qurğulardan, İKT texnologiyalarından istifadə qaydaları, onun istifadə mexanizmləri ilə bağlı bir sıra məqamlar özünə yer alıb.
"Azərbaycanda 16 yaşa qədər istifadəçilər birbaşa valideyn və qəyyumun icazəsi olmadan rəqəmsal mühitdə müstəqil hesab aça bilməyəcəklər. Bunun üçün artıq texnoloji vasitələr, alətlər, mexanizmlər düşünülür. Düzdür, bu, zəruri addımdır, amma kafi deyil. Kafi olması üçün əlavə müşahidəçi sənədlərə, tədbirlərə də ehtiyac var. Xüsusilə də valideynlərin iştirakı, rəqəmsal maarifləndirməsinə ehtiyac var. Burada valideynlər, məktəb, ailə və hüquq-mühafizə orqanları korporativ sosial məsuliyyət çərçivəsində birgə əməkdaşlıq etməlidir. Bununla da sosial şəbəkə platformaları sağlam sosiallaşma institutu kimi formalaşa bilsin. Qadağaların olması, nəzarətin mövcudluğu mütləqdir və bu həm hüquqi, həm sosial, həm də mənəvi baxımdan ciddi tənzimlənəsi bir prosesdir".
Sosioloq həmçinin uşaq və yeniyetmələrin asudə vaxt keçirməsi üçün əlavə proqramlara ehtiyacı olduğunu hesab edir.