Milli Məclisin vitse-spikeri: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gördüyü tədbirlərin çox müsbət nəticələri olub"
- 26 dekabr, 2018
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 dekabr. REPORT.AZ/ "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illər əldə etdiyi nailiyyətlər artan sürətlə, yüksələn templə gedir".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi "Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah" mövzusunda beynəlxalq elmi-praktik konfransda Milli Məclisin sədrinin müavini Bahar Muradova deyib.
O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra inkişafın əldə olunmasında əmək resursları, insan kapitalı həm yaxından iştirak edir, həm də çox böyük inkişaf yolu keçib: "Məhz bu iştirakın və inkişafın təmin olunması əlbəttə ki, müasir standartlara cavab verən beynəlxalq təcrübəyə əsaslanan qanunların qəbul olunması və tətbiqi ilə mümkün ola bilərdi. Ötən illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Milli Məclislə çox ciddi şəkildə işləyib".
B.Muradova qeyd edib ki, bu gün əmək qanunvericiliyi çox mükəmməl şəkildə həm beynəlxalq standartlara, həm də Azərbaycanın tələblərinə, qarşısında duran hədəflərə tam uyğun gəlir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son vaxtlar görülən tədbirlərin çox müsbət nəticələri olub".