Riçard Trautman: "Azərbaycanın cüdo ictimaiyyəti Balabəy Ağayevdən qızıl medal gözləyirdi"

Fərdi
  • 12 oktyabr, 2026
  • 16:55
Riçard Trautman: Azərbaycanın cüdo ictimaiyyəti Balabəy Ağayevdən qızıl medal gözləyirdi

Azərbaycanın cüdo ictimaiyyəti Balabəy Ağayevdən qızıl medal gözləyib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın cüdo millilərinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayevin çıxışını izlədiniz. Əslində, biz onu da dünya çempionu kimi görmək istəyirdik. Lakin təəssüf ki, o, məğlub oldu. Bu, cüdoda baş verə bilən haldır və bir tərəfdən də idmanın gözəlliyini göstərir. Cüdoda səhvə yol vermək olmaz", - deyə o söyləyib.

Mütəxəssis bildirib ki, Hidayət Heydərovun Bakıdakı mundialda uğursuz çıxışı xüsusilə doğma meydanda daha ağır qəbul olunur:

"Hidayət Heydərov kimi dünya, Avropa və Olimpiya çempionu olan idmançımız Bakıdakı mundialda mükafat qazana bilmədi. Belə idmançılara bu nəticəni qəbul etmək, xüsusilə də doğma meydanda çıxış edərkən, daha çətindir. Lakin Hidayət və Zelim Kotsoyev Tokioda keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak etmək istədiklərini bildirdilər. Onlar cüdonun vətəni sayılan Yaponiyada özlərini göstərmək, yerli idmançılardan daha güclü olduqlarını sübut etmək istəyirlər. Mən bu düşüncə tərzini yalnız dəstəkləyə bilərəm".

Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

44 filmi