ASAN könüllülərinin növbəti karyera sərgisi keçirilib
- 29 oktyabr, 2025
- 14:43
ASAN könüllülərinin 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində oktyabrın 29-da ikinci regional karyera sərgisi baş tutub.
Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədbir "ASAN xidmət"in və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Əsas məqsəd Gəncə, Şəmkir, Göygöl, Samux, Naftalan, Tovuz, Mingəçevir, Goranboy və ətraf rayonlarda yaşayan könüllü gənclərin məşğulluq imkanlarına çıxışını asanlaşdırmaq olub. Eləcə də regionda fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə gənclər arasında əlaqə yaratmaq, onların peşəkar inkişafına və təcrübə qazanmalarına dəstək prioritet təşkil edib.
Tədbirdə 40-a yaxın müəssisə və təşkilat ümumilikdə 100-dən çox vakansiya təqdim edib. Bununla yanaşı karyera sərgisində 600-ə yaxın gənc aktiv vakansiyalara müraciət və işəgötürənlərlə birbaşa ünsiyyət imkanı əldə ediblər.
Bu prosesə 43 000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi isə könüllülər 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirib və 3400-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub.