UKMTO: Hörmüz boğazında tanker hücuma məruz qalıb – YENİLƏNİB
- 13 oktyabr, 2026
- 23:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Hörmüz boğazında bir tanker hücuma məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
"UKMTO Hörmüz boğazı daxilində bir insident barədə məlumat alıb. Təsdiqlənmiş mənbə bir tankerin naməlum mərmi ilə vurulduğunu bildirib", - UKMTO açıqlayıb.
Bildirilib ki, səlahiyyətli orqanlar hadisə ilə bağlı araşdırma aparır: "Gəmilərə ehtiyatla hərəkət etmələri və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur".
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir neft tankerinin minaya düşdüyünü açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə ISNA SEPAH HDQ-yə istinadən məlumat yayıb.
"Bu gün günorta saatlarında izləmə sistemlərini söndürərək qadağan olunmuş zonadan keçməyə cəhd edən neft tankerində yanğın baş verib", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, neft tankeri HDQ-nin müşahidə qrupları tərəfindən aşkar edilib.
Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.