Reza Vəziri: “2028-ci ilə qədər Azərbaycanda mis və qızıl hasilatı orta səviyyəyə çatacaq”

Sənaye
  • 18 aprel, 2023
  • 10:05
Reza Vəziri: “2028-ci ilə qədər Azərbaycanda mis və qızıl hasilatı orta səviyyəyə çatacaq”

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc” şirkəti 2023-cü ilin birinci rübündə 10 969 unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib.

“Report” şirkətə istinadən xəbər verir ki, qızıl hasilatı illik müqayisədə 32,9 % azalaraq 6 741 unsiyaya, gümüş hasilatı isə 2,25 dəfə azalaraq 22 566 unsiyaya düşübsə, mis istehsalı 49 % artaraq 847 tona çatıb.

Martın 31-nə “Anglo-Asian Mining”in bankda 10,7 milyon ABŞ dolları nağd vəsaiti, həmçinin 9,6 milyon ABŞ dolları məbləğində ehtiyatı (3,6 milyon ABŞ dolları dəyərində 1 822 unsiya qızıl və 6 milyon ABŞ dolları dəyərində mis konsentratı) olub.

Yeraltı mədən parkı və generator üçün ilkin ödəniş 1,5 milyon ABŞ dolları təşkil edib.

Bundan əlavə, martın əvvəlində “Anglo-Asian Mining” genişlənmə üçün həm əlavə maliyyələşməni, həm də əməliyyat çevikliyini təmin etmək üçün Azərbaycan Beynəlxalq Bankı ilə 33 milyon ABŞ dolları məbləğində 7 illik bərpa olunan kredit müqaviləsi imzalayıb.

Şirkətin 2028-ci ilə qədər çoxsaylı aktivləri olan orta səviyyəli mis və qızıl istehsalçısı olması planlaşdırılır.

“Məmnunluqla bildirmək istəyirəm ki, 2023-cü ilin birinci rübündə flaqman “Gədəbəy” mədənində 10 969 unsiya qızıl ekvivalentində qiymətli metal hasil edilib. “Gilar”, daha sonra isə “Zəfər” mədənlərində istehsala doğru uğurla addımlamaqda davam edirik”, - “Anglo-Asian” şirkətinin icraçı direktoru Reza Vəziri deyib.

Onun sözlərinə görə, şirkətin güclü maliyyə vəziyyəti ona həm qısamüddətli prioritetləri, həm də bu yaxınlarda elan edilmiş uzunmüddətli artım strategiyasını həyata keçirməyə və 2028-ci ilədək mis və qızıl hasilatının orta səviyyəsinə nail olmağa imkan verir.

Şirkət ümumi hasilatda 30-50 % artım gözləyir ki, bu da 2024-cü və 2025-ci illərdə 70-75 min unsiya qızıl ekvivalenti (15 000-15 500 ton mis ekvivalenti) arasında olacaq. Mis ekvivalenti hasilatı 2028-ci ildən etibarən ildə təxminən 36 min tona (175 min unsiya qızıl ekvivalenti) qədər artacaq.

44 - Tezliklə