"Dəmirli" və "Gilar" mədənlərindən əlavə istehsal "Anglo Asian"in portfelini genişləndirib
- 21 sentyabr, 2026
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 141,2 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
"Report" şirkətin məlumatına istinadən xəbər verir ki, bu dövrdə "Anglo Asian"in vergidən əvvəl mənfəəti 68,5 milyon ABŞ dolları, əməliyyat fəaliyyətindən yaranan xalis pul vəsaitləri isə 78,5 milyon ABŞ dolları təşkil edib.
Bu ili yanvar-iyun aylarında şirkət 12,329 min unsiya qızıl hasil edib. Bu, 2025-cü ilin ilk yarısı ilə müqayisədə 1,8 % çoxdur.
Hesabat dövründə 8,840 min ton mis istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 7,4 dəfə çoxdur. Şirkət 92,855 min unsiya gümüş hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,9 % çoxdur.
"Bu, son dövrdə şirkətin portfelinin nəzərəçarpacaq şəkildə genişləndirilməsini, yeni fəaliyyətə başlayan "Dəmirli" və "Gilar" mədənlərindən əldə olunan əlavə hasilatı əks etdirir. Güclü istehsal həcmləri möhkəm maliyyə nəticələrinin formalaşmasına səbəb olub", - məlumatda deyilir.
30 iyun 2026-cı il tarixinə pul vəsaitləri 70 milyon ABŞ dollarına çatıb (31 dekabr 2025-ci il tarixinə bu rəqəm 30,2 milyon ABŞ dolları idi), borc öhdəlikləri isə lizinqlər nəzərə alınmadan 12,3 milyon ABŞ dollarına enib (31 dekabr 2025-ci il tarixinə 27,7 milyon ABŞ dolları).
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.
Hazırda Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olan AAM hələlik iki müqavilə sahəsində - "Gədəbəy" və "Qoşa" yataqlarında qiymətli metal hasilatı ilə məşğul olur.