Nərgiz Qurbanova: Azərbaycan ilə Macarıstan iqtisadi və enerji əməkdaşlığını genişləndirmək niyyətindədir

Xarici siyasət
  • 20 oktyabr, 2026
  • 19:58
Nərgiz Qurbanova: Azərbaycan ilə Macarıstan iqtisadi və enerji əməkdaşlığını genişləndirmək niyyətindədir

İqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və enerji sektorunda birgə fəaliyyət Azərbaycan ilə Macarıstan münasibətlərinin əsas istiqamətləridir.

"Report" xəbər verir ki, bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Macarıstanın Milli Günü və 1956-cı il inqilabının 70-ci ildönümü münasibətilə keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlığa əsaslanır. Xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin birinci iclası və Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclası siyasi qarşılıqlı fəaliyyətin davamlı xarakterini nümayiş etdirib.

N. Qurbanova həmçinin ikitərəfli münasibətlərin perspektivlərini müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini qeyd edib.

"İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və enerji sektorunda birgə fəaliyyət ikitərəfli münasibətlərin əsas istiqamətləridir", - o bildirib.

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı fəaliyyətdən danışan diplomat, bunun Avropa ölkələri üçün açdığı imkanları vurğulayıb.

"TDT çərçivəsində qarşılıqlı fəaliyyət enerji resurslarının şaxələndirilməsi, Avrasiyanın nəqliyyat-logistika zəncirinə inteqrasiya və sürətlə inkişaf edən zəngin bazarlara çıxış baxımından Avropa üçün böyük perspektivlər açır", - N. Qurbanova deyib.

Həmçinin iki ölkə xalqlarının yaxınlaşmasında təhsil əlaqələrinin rolu qeyd edilib. Onun sözlərinə görə, Macarıstan hökumətinin "Stipendium Hungaricum" təqaüd proqramı təhsil sahəsində əməkdaşlığın inkişafı və tələbə mübadiləsi üçün geniş imkanlar yaradır.

44 filmi