Assosiasiya sədri: "1 litr qablaşdırılmış su üçün daha çox su sərf olunur"

Sənaye
  • 12 sentyabr, 2025
  • 16:30
Assosiasiya sədri: 1 litr qablaşdırılmış su üçün daha çox su sərf olunur

Azərbaycandakı emal müəssisələrində hər il yüz minlərlə ton su istifadəsiz atılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Təkrar emal etmə texnologiyaları və onların əhəmiyyəti" panel müzakirələrində deyib.

"Əgər biz suyun çeşmədən deyil, dağlardan, Gədəbəydən gəlməsini istəyiriksə, bunun müəyyən bədəli var. Qablaşdırma prosesində paketlər və şüşələr yuyulur, bu isə əlavə su sərfiyyatına gətirib çıxarır. Nəticədə süfrəmizə 1 litr su gəlməsi üçün bundan daha artıq su sərf olunur. Üstəlik, daşınma prosesi karbon emissiyalarını da artırır", - Assosiasiya sədri qeyd edib.

E. Dostiyari bildirib ki, yeni biznes layihələrində su sərf etməyən texnologiyaların tətbiqi vacibdir:

"Məsələn, şüşə qabların yuyulmasında sudan yox, güclü hava təzyiqindən istifadə mümkündür. Belə texnologiyalar artıq mövcuddur. Şirkətlər biznes planlarında mənfəət əldə etməklə yanaşı, eyni zamanda enerji və su istifadəsinin azaldılması üzrə hədəflərə də yer verməlidir. Dünyada sənaye üçün icazə verilən su sərfi və emissiyalar üzrə normativlər mövcuddur. Azərbaycanda isə emal müəssisələrində hər il yüz minlərlə ton su atılır. Halbuki onların bir hissəsi az çirklənib və təkrar istifadəyə qaytarıla bilər".

O əlavə edib ki, əksər hallarda texniki suları təmizləyərək yenidən istifadə etmək mümkündür:

"Rayonlarımızda və kəndlərimizdə hövzələrdən götürülən suların bir çoxu birbaşa istifadəyə yararlı deyil. Bakıda da əksəriyyət evlərində filtrdən istifadə edir. Bu filtr olmasa, sağlamlıq üçün risklər arta bilər. Dünyanın bir çox ölkələrində hətta sanitar qovşaqlarda istifadə olunan sular təkrar emal edilərək içməli suya çevrilir. Bəzi ölkələrin nazirləri əhalidə inam yaratmaq üçün həmin sudan içirlər. Yəni su çirklənə bilər, amma onu təmizləmək və istifadəyə qaytarmaq mümkündür".

Son xəbərlər

Bütün Xəbər Lenti