Baş ticarət müşaviri: "Ödəniş problemləri fintex həllərinə tələbatı artıra bilər"

Maliyyə
  • 13 oktyabr, 2026
  • 10:33
Baş ticarət müşaviri: Ödəniş problemləri fintex həllərinə tələbatı artıra bilər

Dünyadakı ödəniş problemləri fintex həllərinə tələbatı artıra bilər.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, fintex sektoru qarşıdakı dövrdə ehtiyac daha ciddi hiss olunacaq sahələrdən biridir: "Ötən ildən ödəniş sistemləri, rəqəmsallaşma, rəqəmsal xidmətlər və maliyyə sahəsində fəaliyyət göstərən şirkətlərin iştirakı ilə Azərbaycana bir sıra sektoral səfərlər təşkil olunub. Müxtəlif görüşlər keçirilib, bu səfərlərin sayı və sektora maraq tədricən artır. Lakin nəzərə almaq lazımdır ki, dünyada bütün sahələrdə ciddi dəyişikliklər baş verir. Ticarət sistemləri, logistika və ödənişlərlə bağlı problemlər qarşıdakı dövrdə bütün dünyada arta bilər. Buna görə də pul vəsaitlərinin hərəkətini asanlaşdıran, eyni zamanda bunu təhlükəsiz şəkildə təmin edən sistemlərə bütün ölkələrin ehtiyacı var".

Bundan başqa, G.Yavaş qeyd edib ki, rəqəmsal xidmətlərdə kənar müdaxilə ölkənin təhlükəsizliyini riskə atır: "Bəzi ölkələrin təqdim etdiyi xidmətlərdən istifadənin istənilən an məhdudlaşdırıla biləcəyini bilirik. Bu, artıq baş vermiş hallardan biridir. Kənardan müdaxilə cəhdləri hələ də davam edir. Məlum olduğu kimi, ASELSAN xaricdə istehsal olunan elektrikli avtomobillərin öz kampuslarına girişini qadağan edib. Buna səbəb həmin avtomobillərə kənardan müdaxilə imkanının olmasıdır. Hazırda bu məsələ təkcə avtomobillərlə məhdudlaşmır. Əlimizdəki mobil telefonlardan tutmuş rəqəmsal komponentləri və proqram təminatı olan bütün cihazlara qədər hər şey bu risklə üzləşə bilər. Ödəniş sistemləri də istisna deyil. Bu sistemlər kənar müdaxilələrə nə qədər açıq olarsa, ölkənin təhlükəsizliyi də bir o qədər risk altına düşər".

O vurğulayıb ki, bu, yalnız Azərbaycan bazarına aid məsələ deyil: "Əslində, Azərbaycan bazarında Türkiyədə göstərilən xidmətlərin keyfiyyəti, məzmunu və digər xüsusiyyətləri kifayət qədər yaxşı tanınır. Buna görə də bu bazara daxil olarkən hər şeyi sıfırdan başlayaraq tanıtmağa ehtiyac yoxdur. Dil baryerinin olmaması da bu baxımdan işimizi asanlaşdırır".