Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşıb

Sağlamlıq
  • 13 oktyabr, 2026
  • 10:44
Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşıb

Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən Nazirliyin İntranet portalında "Vətəndaş qəbulu" modulu hazırlanaraq istifadəyə verilib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni rəqəmsal həll vətəndaş qəbullarının qeydiyyatını, müraciətlərin nəticələrinin izlənilməsini və təhlilini vahid elektron mühitdə birləşdirir.

Modul vasitəsilə hər bir qəbul üzrə vətəndaşın məlumatları, müraciətin məzmunu, aidiyyəti struktur bölmələr, məsul əməkdaş və qəbulun nəticəsi vahid elektron kartda qeydə alınır. Sistem vətəndaş məlumatlarının avtomatlaşdırılmış qaydada əldə edilməsinə, müraciətlərə aid sənədlərin elektron formada əlavə olunmasına və məlumatların təkrar daxil edilməsinin azaldılmasına imkan yaradır.

Yeni modulun mühüm üstünlüklərindən biri müraciətlərin nəticələrinin sistemli şəkildə izlənilməsi və təhlilidir. Elektron sistemdə müraciətlərin statusları üzrə uçot aparılır, müxtəlif meyarlar əsasında axtarış və filtrasiya imkanları təqdim olunur. Eyni zamanda rəhbərlik üçün gündəlik, həftəlik, aylıq və digər dövrlər üzrə analitik hesabatların hazırlanması təmin edilir.

Bu imkanlar vətəndaş müraciətlərinin əsas mövzularını, onların struktur bölmələr üzrə bölgüsünü və qəbulun nəticələrini operativ qiymətləndirməyə, mövcud problemləri müəyyənləşdirməyə və idarəetmə qərarlarının məlumatlar əsasında qəbuluna şərait yaradır.