“Anglo-Asian Mining” şirkətinin pul vəsaitlərinin həcmi 2 dəfə azalıb
- 13 oktyabr, 2022
- 09:02
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin üçüncü rübünün sonuna Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin pul vəsaitlərinin həcmi 15,3 milyon ABŞ dolları olub.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2022-ci ilin üçüncü rübünün və 9 ayının yekunlarına dair hazırladığı hesabatında qeyd olunub.
Şirkətin pul vəsaitlərinin həcmi 2021-ci ilin üçüncü rübün sonuna olan göstərici ilə müqayisədə 15,6 milyon ABŞ dolları və ya 2 dəfə azdır.
Məlumata görə, şirkətin pul vəsaitlərinin həcmi 2022-ci ilin ilk yarısının göstəricisi ilə müqayisədə 5,9 milyon ABŞ dolları və ya 27,8 % azalıb.
Qeyd edək ki, 2022-ci ilin iyunun 30-na şirkətin pul vəsaitlərinin həcmi 21,2 milyon ABŞ dolları, ötən ilin sentyabrın 30-na isə - 30,9 milyon ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci il üçün 4 milyon ABŞ dolları yekun dividend ödəyib. Bu ilin 9 ayında şirkət 0,3 milyon ABŞ dolları dəyərində mənfəət vergisi ödəyib.
Bundan başqa, bu dövr ərzində şirkət “Libero Copper & Gold Corporation” şirkətinə 0,8 milyon ABŞ dolları əlavə investisiyan yatırıb, “AzerGold”dan məlumat alışı üçün isə 1,2 milyon ABŞ dolları vəsait xərcləyib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.