Pərviz Əzizbəyov: "Dərmanların qiymətlərinə manatın məzənnəsinə uyğun olaraq Tarif Şurasında baxılır"
- 20 dekabr, 2016
- 08:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 dekabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu il 5 əczaçılıq müəssisində yoxlamalar aparıb. "Report" xəbər verir ki, bunu Mərkəzin Əczaçılıq subyektləri üzrə şöbəsinin müdir müavini Pərviz Əzizbəyli deyib.
P.Əzizbəylinin sözlərinə görə, yoxlamalar keçirilən apteklərdən 2-də şikayət faktları təsdiqlənməyib, digər 3-də isə təsdiqini tapıb: “3 əczaçılıq müəssisələrində 81 adda 205 qutu dövlət qeydiyyatından keçməyən, keyfiyyət sertifikatı olmayan dərman vasitələri aşkarlanıb və satışdan çıxarılıb. Hazırda həmin dərman vasitələrinin məhv edilməsi və apteklərlə bağlı tədbir görülməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilib. Araşdırmalardan sonra həmin apteklərin fəaliyyətinin dayandırılması ilə bağlı qərar veriləcək”.
P. Əzizbəyov eyni zamanda qeyd edib ki, dərman vasitələrinin qiymətinə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid deyil: "Qiymətlərə manatın məzənnəsinə uyğun olaraq Tarif Şurası tərəfindən baxılır. Dərman vasitəsinin keyfiyyəti onun qiyməti ilə bağlı deyil. Dərman dövlət qeydiyyatından keçibsə, rəsmi yolla idxal olunursa və bütün tələblər gözlənilirsə həmin preparatın satışına icazə verilir. Rusiyadan idxal olunan dərmanlar nisbətən ucuz, Avropadan gətirilənlər isə baha olur. Dərman vasitələrinin ölkəyə gətirilməsinin hərəkət zənciri mərkəz tərəfindən izlənilir. Dərman vasitələrinin keyfiyyəti ilə bağlı Nazirlər Kabinetinin ciddi tapşırıqları var. Bu günə qədər Mərkəzə dərmanların effektsiz olması ilə bağlı müraciətlər olmayıb".