Paytaxt apteklərində tibbi maska ilə bağlı vəziyyət nə yerdədir - REPORTAJ - VİDEO

Sağlamlıq
  • 11 aprel, 2020
  • 17:07
Paytaxt apteklərində tibbi maska ilə bağlı vəziyyət nə yerdədir - REPORTAJ - VİDEO
"Report"

Dünyanı bürüyən koronavirus pandemiyası bir sıra ölkələrdə ciddi dəyişikliklərə, habelə ağır fəsadlara yol aşıb. 

"Report" xəbər verir ki, pandemiyanın qeydə alındığı ölkələrin demək olar hamısının iqtisadiyyatı, habelə digər sahələri koronavirusdan ciddi zərər çəkib. 

Qeyd etdiyimiz kimi, koronavirus iqtisadi sahədə dəyişikliklərə də yol açıb. Bunu xüsusən tibbi sahədə açıq müşahidə etmək mümkündür. Belə ki, hazırda bəzi ölkələrdə əsas müzakirə mövzusu virusdan qorunmaq üçün başlıca vasitələrdən sayılan tibbi maska çatışmazlığıdır. Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir? 

İlk öncə qeyd edək ki, hökumət tərəfindən bu problemin qarşısının alması istiqamətində mühüm addımlar atılır. Elə təkcə onu qeyd etmək kifayətdir ki, Sumqayıt Kimya Sənaye parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan müəssisədə ilkin mərhələ olaraq 120 min tibbi maska istehsal edilir. Bununla da Azərbaycanın idxaldan asılılığına son qoyulacaq və ölkəmiz özünü tibbi maska ilə tam təmin edəcək.

Müşahidələr göstərir ki, koronavirusla əlaqədar Azərbaycanda da tibbi maskaya olan tələbat artıb. "Report"un çəkiliş qrupu vəziyyətin necə olduğunu yerindəcə araşdırmaq üçün Bakının müxtəlif ərazilərində yerləşən apteklərdə sorğu keçirib. Araşdırma zamanı məlum olub ki, apteklərində artıq əvvəlki maska çatışmazlığı müşahidə olunmur, lakin qıtlıq hələ də mövcuddur. Bəzi apteklər limitlə də olsa, tibbi maska satırlar.

Söhbətləşdiyimiz sakinlər bildirdilər ki, bəzi apteklərdə tibbi maska tapa bilmirlər. Onlar xüsusən günün ikinci yarısında bununla bağlı çətinliklərlə qarşılaşırlar. Lakin tibbi maska aldığını deyən sakinlər də az deyil. Müsahiblərimizdən bəziləri qeyd etdilər ki, onlar özləri və ailə üzvləri üçün lazımi sayda tibbi maska alıblar. 

Əczaçı Laçın Əhmədxanlı bildirib ki, əgər əvvəllər ay ərzində 30-50 ədəd arasında tibbi maska satırdısa, indi tələbat çox olduğundan gün ərzində 150 maska satılır: "Maskanı təkrar yuyub spirtlənərək geyinmək insan səhhəti üçün ciddi fəsadlar törədə bilər. Gigiyenik qaydalara görə, tibbi maska 3 saat ərzində istifadə edilməlidir. Hər vətəndaşa maksimum 2 ədəd maska satılır".

Paytaxt apteklərində tibbi maska ilə bağlı vəziyyət nə yerdədir - REPORTAJ - VİDEO

Video: İlqar Abdullayev

44 - Tezliklə