Rumıniya Prezidenti Baş nazir vəzifəsinə Luka Nikuleskunun namizədliyini irəli sürüb

Digər ölkələr
  • 06 oktyabr, 2026
  • 03:48
Rumıniya Prezidenti Baş nazir vəzifəsinə Luka Nikuleskunun namizədliyini irəli sürüb

Rumıniya Prezidenti Nikuşor Dan Baş nazir vəzifəsinə Xarici İşlər Nazirliyinin dövlət katibi Luka Nikuleskunun namizədliyini irəli sürüb.

"Report"un Rumıniya Radiosuna istinadən məlumatına görə, o, bu açıqlamanı parlamentin siyasi partiyalarının liderləri ilə məsləhətləşmələrdən sonra verib.

"Biz səs çoxluğu qazanmaq üçün ən yaxşı şansa malik şəxsi seçmişik. Zəmanət verirəm ki, Luka Nikuleskunun rəhbərlik etdiyi hökumət Rumıniyanın Qərbyönlü istiqamətini qoruyacaq və ölkənin maliyyə məqsədlərinə və bütün öhdəliklərinə əməl edəcək", - Dan deyib.

L.Nikuleskunun sözlərinə görə, onun əsas vəzifəsi Rumıniyanın Avropa və Avroatlantik kursuna dərin sadiq olan hökumətə səs verəcək parlament çoxluğu yaratmaq olacaq.

Qeyd edək ki, 55 yaşlı Luka Nikulesku əvvəllər Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini), ölkənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzvlük prosesinin koordinatoru vəzifələrində çalışıb. 1992-2016-cı illərdə jurnalist, "RFI Romania" radiosunun baş redaktoru və müxbiri olub. 2016-2022-ci illərdə Rumıniyanın Fransadakı səfiri vəzifəsində çalışıb.

Avropayönlü Milli Liberal Partiyası (MLP) və "Rumıniyanın Qurtuluşu" Birliyi, eləcə də Rumıniyadakı Macarların Demokratik Birliyi (DUH) Nikuleskuya dəstək verəcəyi gözlənilir. Parlamentin ən böyük Sosial Demokrat Partiyasının (PSD) lideri Sorin Qrindeanu prezidentin təklifinin 6 oktyabrda keçiriləcək partiya rəhbərliyinin iclasında müzakirə olunacağını açıqlayıb.