Vuçiç: Serbiya vətəndaşları dövlətin təhlükə altında olduğunu anlayıblar

Digər ölkələr
  • 06 oktyabr, 2026
  • 01:06
Vuçiç: Serbiya vətəndaşları dövlətin təhlükə altında olduğunu anlayıblar

Serbiya vətəndaşları dövlətin təhlükə altında olduğunu və onu müdafiə etmək lazım gəldiyini anlayıblar.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç "TV Prva" telekanalında yayımlanan "Çirilitsa" proqramında deyib.

Onun sözlərinə görə, Serbiyada son iki ildə baş verən hadisələr Belqradın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi ilə əlaqədar xaricdən ölkəsinə qarşı həyata keçirilən qisas addımlarıdır: "Bu, ilk növbədə, Rusiyaya sanksiya tətbiq etmədiyimiz üçün Serbiyadan qisas alınmasıdır. Bunu sizə ən açıq şəkildə deyirəm".

Vuçiç onu da vurğulayıb ki, hazırda ölkədə inanılmaz dönüş baş verir, vətəndaşlar dövlətin təhlükə altında olduğunu və onu müdafiə etmək lazım gəldiyini anlayıblar. O, vurğulayıb ki, artıq heç kim öz fikrini söyləməkdən qorxmur:

"Artıq heç kim düşündüklərini söyləməkdən qorxmur. Serbiya hər yerdə, hər addımda oyandı. Bir neçə gün əvvəl bunu dedim və insanların sevindiyini gördüm. Artıq Prezident deyiləm və məsuliyyətim bir qədər azdır, amma Prezident olmasam da, bu məsuliyyəti hələ də çox yüksək səviyyədə daşıyıram".

Vuçiç bildirib ki, rəhbərlik etdiyi siyahı seçkidə məğlub olacağı təqdirdə nəticəni qəbul edəcək:

"Amma qalib gəlsək, bu qələbəni təhlükə altına qoymayacağıq. Heç kimə xalqın seçki iradəsini pozmağa imkan verməyəcəyik".

O bildirib ki, seçkilərin nəticələrini pozmaq qanunla cəzalandırılan ağır cinayətdir: "Əgər səhv etmirəmsə, buna görə 15 ilədək həbs cəzası ala bilərsiniz. Seçki qutularını məhv etməyə, qanuni şəkildə başa çatmış seçkilərin nəticələrini pozmağa cəhd edən hər kəsə qarşı çıxacağıq. Lazım gəlsə, toplaşmalı olsaq belə, buna imkan verməyəcəyik".