Azərbaycanda MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
- 25 aprel, 2025
- 10:46
Yeniliklərdən dərhal xəbərdar olun!
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.
“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə sığortaolunan vətəndaş ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tarifin 20 faizini ödəyəcək.
Tibbi xidmətin tarifi üzrə qalan məbləği isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşılayacaq.
Agentliyin yaydığı məlumata görə, misal olaraq, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat olacaq. Qeyd edək ki, müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur.
Yeni mexanizm ixtisaslı həkim göndərişi əsasında dövlət və özəl tibb müəssisələrində tətbiq ediləcək. Belə ki, ixtisaslı həkim tərəfindən tibbi göstəriş olduğu halda MRT və ya KT müayinəsinə pasiyentə göndəriş veriləcək.