Zaxarova: Gümrüdəki vəziyyəti diqqətlə izləyirik
- 23 oktyabr, 2025
- 16:18

Rusiya Gümrü meri Vardan Qukasyanın həbsindən sonra vəziyyəti diqqətlə izləyir.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə "News.Ru"nun sualına cavab verərkən bildirib.
"Moskva Ermənistanın əhali sayına görə ikinci böyük şəhəri olan Gümrüdəki vəziyyəti diqqətlə izləyir. Orada Rusiyanın 102-ci bazası, Rusiyanın baş konsulluğu, "Rossotrudniçestvo"nun filialı yerləşir. Şəhər hakimiyyəti Rusiyanın müxtəlif regionları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir", - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, Moskva Rusiya-Ermənistan münasibətlərinə ehtiyatla yanaşır və həmişə xalqlar arasında ənənəvi yaxın əlaqələri dəstəkləyənləri müdafiə edir.
"Şəhər merinin (Gümrü merinin - red.) həbsi ilə bağlı qiymətləndirmələrə gəldikdə isə bu, şübhəsiz, Ermənistanın daxili məsələsidir. Eyni zamanda, qeyd edirik ki, əvvəllər Vanadzor, Berd, Gorus və digər icmaların başçılarına qarşı cinayət işləri açılıb, bəziləri həbs edilib. Ümid edirik ki, bu cür proseslər məhkəmə hakimiyyətinin xalqdan uzaqlaşmasına və ona olan etimadın azalmasına səbəb olmayacaq", - o əlavə edib.
M.Zaxarovanın sözlərinə görə, bütün bu məsələlər Ermənistanın yeni seçki dövrünə daxil olması baxımından daha aktualdır - növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin edilib.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi oktyabrın 21-də Gümrü meri Vardan Qukasyanı iki ay müddətinə həbs edib. İstintaqın məlumatına görə, mer və bələdiyyənin baş memarı Qaregin Njde küçəsində təxminən 1,5 min kvadrat metr sahəsi olan qanunsuz tikilini sahibindən təxminən 10 min dollar alaraq sökməmək barədə razılaşıblar.