II Azərbaycan-Özbəkistan Rektorlar Forumunda 40-dan çox anlaşma memorandumu imzalanıb - YENİLƏNİB
- 16 oktyabr, 2026
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, iki ölkədən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi forum ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil edilib.
Forumda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov belə mühüm tədbirin Xankəndidə keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf dinamikasından danışıb. Nazir universitetlər arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini önə çəkib.
Daşkənd Dövlət İqtisad Universitetinin rektoru Konqratbəy Şaripov forumun yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, belə platformaların birgə elmi tədqiqatların və təhsil layihələrinin inkişafı üçün mühüm imkanlar yaratdığını bildirib.
Forum çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri keçirilib. Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktiki tətbiqi, innovasiya potensialının artırılması və Azərbaycan–Özbəkistan ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə universitetlərarası əməkdaşlığın genişləndirilməsini, birgə elmi və akademik təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan 40-dan çox anlaşma memorandumu imzalanıb.
Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan ali təhsil tərəfdaşlığının inkişafına həsr olunan İkinci Rektorlar Forumu başlayıb.
"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, tədbir Azərbaycanla Özbəkistan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil olunub.
Forumda hər iki tərəfdən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsi iştirak edir.