Tokayev Xəzəryanı ölkələri dənizin dayazlaşmasına qarşı razılaşdırılmış fəaliyyətə çağırıb

Region
  • 09 oktyabr, 2026
  • 16:37
Tokayev Xəzəryanı ölkələri dənizin dayazlaşmasına qarşı razılaşdırılmış fəaliyyətə çağırıb
Kasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzəryanı dövlətləri dənizin dayazlaşmasının nəticələrini yumşaltmaq, həmçinin iqtisadiyyatları və ekosistemləri baş verən dəyişikliklərə uyğunlaşdırmaq üçün razılaşdırılmış fəaliyyətə keçməyə çağırıb.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə o, Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.

"Görülən tədbirlər kifayət etmir, dayazlaşmanın nəticələrini aradan qaldırmaq, yumşaltmaq və iqtisadiyyatlarımızın, eləcə də ekosistemlərimizin baş verən dəyişikliklərə uyğunlaşmasına kömək etmək məqsədilə razılaşdırılmış fəaliyyətə keçməyin vaxtı çatıb", - o qeyd edib.

K.Tokayev həmçinin su ehtiyatlarının vəziyyəti, sahil xəttinin dəyişməsi, biomüxtəliflik, çirklənmə və çay axınları ilə bağlı məlumatların işlənməsi və təhlil edilməsi üçün ümumi rəqəmsal proqramın yaradılmasının tərəfdarı kimi çıxış edib. Onun sözlərinə görə, bu təşəbbüsün həyata keçirilməsində peyk texnologiyalarından və süni intellektdən istifadə etmək mümkündür.

Bundan əlavə, Qazaxıstan rəhbəri Xəzərin biomüxtəlifliyinin qorunması üzrə birgə səyləri fəallaşdırmağa çağıraraq dənizin dayazlaşmasının, təbii yaşayış mühitinin dəyişməsinin, çirklənmənin əlavə tədbirlər tələb etdiyini vurğulayıb.

J.Tokayev xüsusi olaraq Xəzər suitisinin həyat dövriyyəsini dəstəkləmək üçün ekoloji dəhlizlərin qorunmasının zəruriliyini qeyd edib: "Xəzər dənizini suiti populyasiyası olmadan təsəvvür etmək mümkün deyil".