Tbilisidə milli azlıqların öz dillərində informasiya almaları məsələsi müzakirə olunub
- 27 yanvar, 2017
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 27 yanvar. REPORT.AZ/ Bu gün Tbilisidə “Gürcüstanda yaşayan milli azlıqların informasiya almaq imkanları” mövzusunda konfrans keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təkilatlarının, milli azlıqların və KİV təmsilçiləri iştirak ediblər.
Gürcüstanın ombudsmanı Uça Nanuaşvili çıxışında bildirib ki, ölkəsi Avropaya inteqrasiya edir: "Lakin milli azlıqların problemləri həll olunmadan bu, mümkün deyil".
Bildirilib ki, bu problemlərdən biri də milli azlıqların öz dillərində informasiya almaları ilə bağlıdır. Bu gün Gürcüstanın bölgələrində yaşayan milli azlıqlar öz dillərində infomasiya ala bilmirlər. Bu da, onların inteqrasiyasında, öz hüquqlarını bilmələrində çox ciddi problemlər yaradır. Konfransın əsas məqsədi, bu problemlərin həlli yollarını tapmaqdır.
Tədbirdə çıxış edənlər milli azlıqların üzləşdikləri problemlərin əksəriyyətinin məlumat azlığı ilə əlaqəli olduğunu bildiriblər.
Çıxışlarda, regional televiziya kanallarının açılmasının, ana dilində yerli media vasitələrinin sayının artırılmasının, eləcə də, sosial şəbəkələrin inkişafının vacibliyi xüsusi qeyd olunub.
Mülki inteqrasiya fondunun sədri Zaur Xəlilov jurnalistlərə bildirib ki, bu gün Gürcüstanın bölgələrində əhalinin mətbuatala əlaqəsi çox zəifdir.
“Düşünürük ki, regionlarda maarifləndirmə işləri genişlənməli, ictimaiyyətin mətbuata maneəsiz çıxışı təmin olunmalı, bunun üçün regionlarda televiziya və digər mətbu oranların sayı artırılmalıdır” - deyə, Z.Xəlilov vurğulayıb.
Gürcüstanın ombudsmanı Uça Nanuaşvili isə jurnalistlərə bildirib ki, hökumət ucqar bölgələrdə yaşayan insanların sosial maarifləndiilrməsi, onların inteqrasiyası üçün xüsusi layihələrin hazırlanıb həyata keçirilməsində maraqlıdır. Konfransda səslənən rəy və təkliflər paket halında hökumətə təqdim olunacaq.