Sozar Subari: Gürcüstan - Azərbaycan strateji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır
- 06 aprel, 2026
- 22:52
Regionda sülh və iqtisadi inkişaf təmin olunsa, bütün marşrutlar üçün kifayət qədər yük həcmi olacaq. Bu baxımdan, Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və iki ölkədən keçən tranzit dəhliz ən qısa və əlverişli alternativlərdən biri hesab olunur.
"Report"un yerli bürosu xəbər verir ki, bunları Gürcüstan parlamentinin vitse-spikeri və "Xalq Gücü" Partiyasının sədri Sozar Subari deyib.
Ölkənin geosiyasi rolu və regional əhəmiyyətindən danışan S.Subari qeyd edib ki, Gürcüstan regionda əsas tranzit marşrutlardan biridir.
Onun sözlərinə görə, gələcəkdə Mərkəzi Asiya resurslarına daha geniş çıxış əldə etmək həm Avropa, həm də ABŞ üçün strateji əhəmiyyət daşıyır və Gürcüstan bu istiqamətdə əsas tranzit marşrutlardan biri hesab olunur.
S.Subari vurğulayıb ki, bəzi Avropa liderlərinin Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə bağlı çıxışlarında Gürcüstanın rolunun yetərincə qeyd etməməsi təəccüblü deyil. Onun fikrincə, geosiyasəti anlayan hər kəs bilir ki, regionda həyata keçirilən qlobal iqtisadi layihələr Gürcüstandan yan keçə bilməz.
Deputat bildirib ki, ölkədə sabitliyin qorunması təkcə Gürcüstan üçün deyil, həm də Avropanın təhlükəsizliyi və beynəlxalq iqtisadi layihələrin davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir.
O, eyni zamanda, qeyd edib ki, Cənubi Qafqaz dəhlizi Çin yüklərinin Avropaya daşınması üçün vacib olsa da, regionda alternativ marşrutlar da mövcuddur. O cümlədən, müharibədən sonra bəzi Avropa ölkələrinin yenidən Rusiya üzərindən daşımaları davam etdirə biləcəyi, həmçinin Zəngəzur dəhlizi kimi layihələrin də rəqabəti artıracağı istisna edilmir.