SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Energetika
  • 16 noyabr, 2026
  • 14:51
SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

"Report" SOCAR-ın Rumıniyadakı törəmə şirkəti - "SOCAR Petroleum S.A"yə istinadən xəbər verir ki, yeni YDM ölkənin şimali-şərqində yerləşən, bölgənin iqtisadi və turizm potensialına malik olan Neamt rayonunun Horia şəhərində açılıb.

"SOCAR" brendi altında istifadəyə verilən yeni yanacaqdoldurma məntəqəsi Neamt rayonunda sayca 7-ci məntəqədir.

Hər bir "SOCAR" brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi, bu məntəqə də müasir xidmət infrastrukturu ilə təchiz olunub, müştərilərə benzin və dizel yanacaqları ilə yanaşı müxtəlif əlavə xidmətlər də təqdim edilir.

"Made in Azerbaijan" brendinin təbliği istiqamətində görülən işlər çərçivəsində məntəqə ərazisindəki "Nar" kafedə Azərbaycan guşəsi yaradılıb, burada yerli və ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilir.

Yeni YDM-lərin açılması SOCAR-ın Rumıniya bazarındakı pərakəndə satış sektorunda mövqelərinin gücləndirilməsi və fəaliyyət coğrafiyasının genişləndirilməsi istiqamətində həyata keçirdiyi strategiyanın mühüm tərkib hissəsidir.

Xatırladaq ki, SOCAR Rumıniyada 2011-ci ildən fəaliyyət göstərir. 2025-ci ildə törəmə şirkət 3,9 milyard lei (təqribən 750 milyon avro) dövriyyəyə malik olub ki, bu da 2024-cü illə müqayisədə 9,7 % çoxdur.

Hazırda "SOCAR Petroleum S.A"nin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyə qədər SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78,4 milyon avro) investisiya yatırıb.

44 filmi