Azərbaycanda idxal-ixrac və tranzit əməliyyatları vahid rəqəmsal platformaya keçirilir

İKT
  • 16 noyabr, 2026
  • 14:37
Azərbaycanda idxal-ixrac və tranzit əməliyyatları vahid rəqəmsal platformaya keçirilir

Azərbaycanda idxal, ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları vahid rəqəmsal platforma üzərindən həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.

Yeni informasiya sistemi xarici ticarət sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsini, dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsini və sahibkarlar üçün vahid giriş imkanının yaradılmasını nəzərdə tutur.

Sistem vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə məlumatlar və sənədlər elektron formada toplanacaq, mübadilə ediləcək və izləniləcək. Bu, həmçinin yük axınlarının "ağıllı" idarə edilməsinə, xarici ticarət əməliyyatlarının təhlilinə, proqnoz və hesabatların hazırlanmasına imkan verəcək.

Əsasnaməyə əsasən, xarici ticarət fəaliyyəti ilə bağlı bir sıra məlumatlar istifadəçilər tərəfindən elektron kabinet vasitəsilə sistemə daxil ediləcək. Bunlara sahibkarlıq fəaliyyəti, göstərilən xidmətlər və ödənişlər, yük-nəqliyyat sənədləri, bank hesabları, əlaqə vasitələri, anbarlar, nəqliyyat vasitələrinin yükboşaltma yerlərinə giriş-çıxışı və beynəlxalq daşımalarda iştirak edən sürücülərin taxoqraf məlumatları daxildir.

Bununla yanaşı, şəxsiyyət vəsiqəsi, sərhədkeçmə sənədləri, vizalar, sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, gömrük bəyannamələri, lisenziya və icazələr, sığorta şəhadətnamələri, əmək müqavilələri və digər məlumatlar müvafiq dövlət informasiya sistemlərindən Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə ötürüləcək.

Sistemə gömrük nəzarəti altında hərəkət edən nəqliyyat vasitələrinin coğrafi koordinatları, hava gəmilərinin eniş-uçuşları, gəmilərin limanlara, dəmir yolu nəqliyyatı vasitələrinin isə stansiyalara giriş-çıxışı barədə məlumatlar da daxil ediləcək. Həmçinin idxalatçıların risk qrupları, təhlükəli yüklərin daşınması, gömrük ödənişlərindən azadolma əsasları və müvəqqəti saxlanc və gömrük anbarları haqqında məlumatların mübadiləsi təmin olunacaq.

Əsasnamədə qeyd edilir ki, dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsi real vaxt rejimində mümkün olmadıqda, aidiyyəti qurumlar zəruri sənədləri gücləndirilmiş elektron imza ilə təsdiq edərək öz elektron kabinetləri vasitəsilə sistemə daxil edəcəklər.

İnformasiya sistemindən dövlət qurumları, hüquqi və fiziki şəxslər, eləcə də qeyri-rezident istifadəçilər yararlana biləcəklər. Azərbaycan vətəndaşları və yerli hüquqi şəxslərin səlahiyyətli nümayəndələri sistemə EHİS-in "Vahid Giriş" altsistemi vasitəsilə daxil olacaqlar. Qeyri-rezidentlər üçün isə ayrıca identikləşdirmə (qeydiyyata alınmaqla) və qeydiyyat mexanizmi nəzərdə tutulur.

Elektron xidmətlər informasiya sisteminin rəsmi internet portalı, mobil tətbiq, virtual köməkçi və digər kanallar vasitəsilə təqdim ediləcək. Xidmətlərdən istifadə və müvafiq ödənişlərin həyata keçirilməsi də elektron kabinet üzərindən mümkün olacaq.

Bundan başqa, sistem vasitəsilə edilən hər bir müraciətə avtomatik qaydada təkrarlanmayan vahid əməliyyat kodu veriləcək. Bu kod müraciətlərin və əməliyyatların izlənilməsini təmin edəcək.

Əsasnaməyə görə, sistemdə yaradılan, əldə edilən və toplanan informasiya və elektron sənədlər Azərbaycanın mülkiyyəti hesab olunur.