Vadeful: Rusiya ilə danışıqlarda Avropanın təhlükəsizlik prinsipləri toxunulmazdır
- 16 noyabr, 2026
- 14:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Rusiya ilə istənilən danışıqlarda vahid mövqedən çıxış etməlidir.
"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.
Onun sözlərinə görə, bu zaman Avropanın təhlükəsizlik prinsiplərinə yenidən baxılması məsələsi belə danışıqların mövzusu ola bilməz.
Nazir bu prinsiplər arasında dövlətlərin suveren bərabərliyini, hər bir ölkənin öz təhlükəsizlik sistemini müstəqil şəkildə müəyyən etmək hüququnu və mövcud sərhədlərə hörməti xüsusi qeyd edib.
Yohan Vadeful əlavə edib ki, Almaniya Ukraynadakı münaqişənin nizamlanması üzrə Rusiya ilə aparılan istənilən danışıqlarda Avropa ölkələrinin tamhüquqlu iştirakının təmin edilməsini zəruri hesab edir:
"Avropa olmadan Avropaya dair heç bir qərar qəbul edilə bilməz. Biz regionumuzda və ona qonşu ölkələrdə sabitliyə görə məsuliyyət daşıyırıq. Bu məsuliyyəti biz öz üzərimizə götürməliyik".
O vurğulayıb ki, Aİ-nin yeni təhlükəsizlik arxitekturasının yaradılmasına ehtiyacı yoxdur, çünki Avropada sülh və sabitliyi təmin edən beynəlxalq razılaşmalar artıq mövcuddur. Bunlara xüsusilə 1975-ci il Helsinki Yekun Aktı, Paris Xartiyası və Budapeşt Memorandumu daxildir.
Danışıqların perspektivlərini şərh edən Almaniya XİN başçısı qeyd edib ki, yaxın vaxtlarda Rusiyanın həqiqətən də dialoq aparmaq niyyətində olduğu, yoxsa vaxtı uzatmağa çalışdığı məlum olacaq. Onun sözlərinə görə, sülh razılaşmasının əldə olunması üçün hər iki tərəf güzəştlərə hazır olmalıdır.
O, həmçinin vurğulayıb ki, Almaniya birmənalı olaraq Ukraynanın tərəfindədir və tərəflər arasında neytral mövqe tutan vasitəçi rolunda çıxış etmir.
Ukraynanın NATO-ya üzvlüyü perspektivləri ilə bağlı sualı cavablandıran nazir bildirib ki, alyans daha əvvəl Ukraynanı üzvlüyə aparan yolun geridönməz olduğuna dair mövqeyi razılaşdırıb. Bununla belə, o, üzvlüyün konkret müddətlərini açıqlaya bilməyib.