Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
- 02 iyul, 2026
- 05:57
Orta Dəhliz layihəsi uğurla inkişaf edəcək və Gürcüstan bu prosesdən faydalanan ölkələrdən biri olacaq.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saks "Imedi LIVE" proqramında çıxışı zamanı bildirib.
Professor qeyd edib ki, dünya iqtisadiyyatının ağırlıq mərkəzi getdikcə Asiyaya doğru dəyişir və bu şəraitdə Gürcüstanın Orta Dəhlizdə yerləşməsi ölkə üçün böyük üstünlüklər yaradır.
"Orta Dəhliz işləyəcək. Bu layihə Gürcüstan, Avropa və Çin üçün qarşılıqlı fayda yaradacaq. Orta Dəhlizi sevirəm, bu, mənim ən sevdiyim ideyalardan biridir və hazırda sözün əsl mənasında Orta Dəhlizlə səyahət edirəm", – o vurğulayıb.
Professor bildirib ki, iyunun 14-dən iyulun 26-dək dostları ilə birlikdə elektrik avtomobili ilə Romadan yola çıxaraq Sloveniya, Xorvatiya, Serbiya, Bolqarıstan, Türkiyə və Gürcüstandan keçib, daha sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan və Çin istiqamətində səyahət edib.
Onun sözlərinə görə, marşrut tarixi İpək Yolunun müasir davamıdır və Şərqlə Qərbi birləşdirən strateji dəhliz kimi böyük əhəmiyyət daşıyır.