Rusiya iqlim dəyişikliyi sürətində qlobal gücləri qabaqlayıb
- 20 sentyabr, 2025
- 04:36

Rusiya iqlim dəyişikliyinin sürətinə görə qlobal gücləri geridə qoyub.
"Report"un məlumatına görə, bu qənaətə Rusiyanın Mərkəzi Bankı "Roshidromet"in (Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Federal Xidməti) məlumatlarına əsasən gəlib.
Tənzimləyicinin saytında dərc edilmiş iqlim riski hesabatına görə, Rusiyada istiləşmə sürəti qlobal orta göstəricidən 2,5 dəfə yüksəkdir: qlobal miqyasda 0,18 dərəcə selsiyə qarşı on il ərzində 0,5 dərəcə. Temperaturlar xüsusən Sibir və Arktikada sürətlə yüksəlir, burada göstəricilər 3-3,5 dəfə yüksəkdir. Bu bölgələrdə temperaturun artması ilə yanaşı, tufan, daşqın, quraqlıq və meşə yanğınları kimi ekstremal hava hadisələri də tez-tez baş verir.
Şimalda iqlim böhranının əsas nəticəsi permafrostların əriməsidir. Mütəxəssislərin proqnozlarına görə, 2050-ci ilə qədər donmuş sahənin ərazidi dörddə bir qədər kiçilə və bu, infrastrukturun bütövlüyünü təhdid edə bilər. Cənub regionlarında rütubət çatışmazlığı əsas təhlükə yaradır. Hesabatda qeyd edilir ki, əsrin sonuna qədər yağıntılar 25 faiz azala bilər.
Yağıntıların çatışmazlığı kənd təsərrüfatına geri dönməz təsir göstərəcək. Eyni zamanda, istilik dalğaları daha tez-tez baş verəcək: 25 il sonra Şimal-Qərb federal dairəsində ekstremal isti dövrlər 8-9 gün, yanğın təhlükəsi günlərinin sayı isə 11-ə qədər arta bilər.