Moskvada Azərbaycan şərablarına həsr olunmuş tədbir keçirilib
- 30 iyun, 2022
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Moskvada “Xəzər dənizi sahilində yeni Azərbaycan şərabları” adlı tədbir keçirilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir Azərbaycanın Ticarət Nümayəndəliyi və “Shirvan Wines” şirkəti tərəfindən təşkil olunub.
Tədbiri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu açıb.
“Azərbaycanın Rusiyadakı səfiri kimi, çox şadam ki, Moskva ictimaiyyəti Azərbaycan şərablarına maraq göstərir. Son illər Azərbaycanda şərabçılığın inkişafı üçün çox işlər görülüb. Bu, ölkəmizdə hər zaman ənənəvi sahə olub”, - səfir bildirib.
Onun sözlərinə görə, həm sovet dövründən qabaq, həm də sovet dövründə “Ağdam” şərabı da daxil olmaqla Azərbaycanın yaxşı şərabları olub.
Səfir hazırda Azərbaycanda yüksək keyfiyyətli şərablar istehsal edildiyini vurğulayıb: “Təbii ki, biz də məhsul istehsal edən hər bir ölkə kimi, şərabların digər bazarlara, xüsusən də Rusiya bazarlarına çıxarılmasında maraqlıyıq”.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev isə sovet dövründə Azərbaycan iqtisadiyyatında şərabçılığın rolundan danışıb: “Sovet dövründə bütün neft gəlirləri Sovet İttifaqının ümumi büdcəsinə daxil olurdu və Azərbaycanın gəlirlərinin əsas hissəsi, yəni 60-70%-i şərabçılıqdan əldə edilirdi”.
O, daha sonra üzüm sahələrinin böyük hissəsinin məhv olduğunu xatırladıb: “Lakin son onilliklər ərzində Azərbaycan Prezidentinin və bütün komandanın səyləri nəticəsində üzüm sahələrinin böyük hissəsi bərpa olunub”.
Azərbaycanda “Şəki Şərab”ı alan “Abrau-Durso” şirkətlər qrupunun sahibi Boris Titov isə deyib ki, tədbirdə təklif edilən şərabları təkcə azərbaycanlılar deyil, həm də fransızlar hazırlayır: “Burada yüksək standartlarla hazırlanan şərablar var. Bunlar Azərbaycanın ən yaxşı şərablarıdır”.