Ermənistan gələn ilin dövlət büdcəsini 1,3 milyard dollar kəsirlə təsdiqləyib
- 01 oktyabr, 2026
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan hökuməti 2027-ci il üçün dövlət büdcəsinin layihəsini 468,2 milyard dram (təxminən 1,3 milyard ABŞ dolları) kəsirlə təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Konsolidasiya olunmuş büdcənin gəlirləri 3,83 trilyon dram (10,5 milyard dollar), xərcləri isə 4 trilyon 298,1 milyard dram (11,8 milyard dollar) səviyyəsində planlaşdırılıb.
Bildirilib ki, parlamentin müzakirəsinə göndəriləcək büdcə layihəsi həmçinin hər iki istiqamətdə 1 faiz bəndi icazə verilən kənarlaşma ilə 3 % səviyyəsində inflyasiya hədəf göstəricisini nəzərdə tutur. Ermənistan Mərkəzi Bankı 2027-ci il ərzində pul-kredit siyasətini həyata keçirərkən bu göstəricini rəhbər tutmalıdır. Qəbul edildikdən sonra dövlət büdcəsi haqqında qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bundan başqa, Ermənistan hökuməti Fransız İnkişaf Agentliyindən (FİA) 250 mln avro məbləğində kredit xəttinin alınmasını nəzərdə tutan sazişi təsdiqləyib. Bu, FİA və Asiya İnkişaf Bankının (AİB) birgə maliyyələşdirdiyi yeni üçillik proqram çərçivəsində həyata keçirilən ilk alt proqramdır. Vəsaitlər büdcə kəsirinin ödənilməsinə yönəldiləcək.
Kredit ya üzən faiz dərəcəsi (5,12 %), ya da sabit faiz dərəcəsi (hesablanmalıdır) ilə – borcalanın seçiminə uyğun olaraq veriləcək. Əsas məbləğ 30 bərabər yarımillik ödənişlə qaytarılmalıdır, kreditin müddəti 20 ildir. Kreditin güzəşt müddəti 5 ildir.