Cevdet Yılmaz: Türkiyə gələcəyini inşa edərkən FETÖ-nü çox dərindən analiz etməlidir

Region
  • 16 iyul, 2025
  • 11:27
Cevdet Yılmaz: Türkiyə gələcəyini inşa edərkən FETÖ-nü çox dərindən analiz etməlidir

Türkiyə gələcəyini inşa edərkən FETÖ-nü çox dərindən analiz etməlidir.

“Report”un Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 15 İyul- Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində “15 İyul: Yaddaş, Ədalət və Gələcək” mövzulu paneldə çıxışı zamanı deyib.

O bəyan edib ki, demokratik bir ölkədə edilən çevriliş cəhdi təbiəti etibarilə vətənə və millətə xəyanətdir.

C.Yılmazın sözlərinə görə, bir insan üçün yaddaş nə qədər önəmlidirsə, bir cəmiyyət üçün də o qədər vacibdir:

“Yaddaş olmayan cəmiyyətdə ədalət və gələcək olmaz. Bosniya və Herseqovinanın sabiq Prezidenti Aliya İzzet Eqoviçin də dediyi kimi, yaşadığınız faciəni unutmayın, unutsanız, təkrar yaşadarlar. 15 iyul gecəsi Türkiyə Böyük Millət Məclisi əsgər forması geyinmiş xainlər tərəfindən bombalandı, bundan o tərəfə bir xəyanət yoxdur. Prezident Sarayı da bombalandı. Bu, FETÖ zehniyyətinin bariz nümuməsidir”.

O əlavə edib ki, dünya Türkiyənin 15 iyuldakı dirənişini görməzdən gəlib, beynəlxalq media da FETÖ-nün çevriliş cəhdinə lazımi reaksiyanı verməyib:

“Bu da FETÖ-nün qollarının nə qədər dərinlərdə olduğunun göstəricisidir. Bütün bu məsələlər araşdırılmalıdır. Türkiyə bir hüquqi dövlətdir və 15 iyuldan sonra bir çox FETÖ tərəfdarı həbs edildi. Çünki ədalət işlənilən cinayətin cəzasını çəkmək deməkdir və Türkiyə dövləti onlara lazımi cəzanı verdi. Ancaq, təəssüf ki, demokratik dünyadan hələ də lazımi reaksiyanı görmürük”.

C.Yılmaz vurğulayıb ki, strukturlar yeniləndikdən sonra Türkiyə çox böyük uğurlar qazanıb:

“Elə bir yerə gəlib çatmışıq ki, PKK tərəfdarları silahlarını yerə qoyur. Terroru sonlandırırıq. FETÖ-nün çökdürülməsi bu kimi uğurlara rəvac verdi”.