Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş
- 27 oktyabr, 2026
- 22:25
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində yerləşən, 1940-cı ilədək əsasən azərbaycanlıların yaşadığı Qıvraq kəndinin tarixi haqqında araşdırma dərc olunub.
"Report" xəbər verir ki, məqalə "Perished Civilization" nəşrində yayımlanıb.
Araşdırmaya görə, Qıvraq tarixən azərbaycanlıların əcdadlarının yaşadığı Zəngəzurda yerləşib. Çar dövründə kəndin adı "Kirzax", "Kivraq", "Kvraq" və "Kivrax", sovet dövründə isə "Kirzax" və "Kivraq" kimi yazılıb. Kənd haqqında məlumatlara XVI və XVIII əsrlərə aid Osmanlı mənbələrində rast gəlinir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kənd Qarabağ xanlığının tərkibində olub, sonradan Yelizavetpol quberniyasının Zəngəzur qəzasına daxil edilib.
Çar dövrünə aid statistik məlumatlar kənddə əsasən azərbaycanlıların yaşadığını göstərir. 1886-cı ildə burada 59 nəfər qeydə alınıb. Mənbələrə əsasən, 1897-ci ildə əhalinin sayı 80, 1908-ci ildə 148, 1911-ci ildə 155, 1912-ci ildə 112, 1914-cü ildə isə 120 nəfər olub. Araşdırmada bu sakinlərin hamısının və ya böyük əksəriyyətinin azərbaycanlıların əcdadları olduğu bildirilir.
Məqalədə 1918–1920-ci illərdə Zəngəzurda və regionun digər ərazilərində erməni silahlı dəstələrinin türk əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyi iddia olunur. Müəlliflər Qıvraq əhalisinin sayının azalmasını da bu hadisələrlə əlaqələndirirlər.
Zaven Korkotyanın "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831–1931)" əsərinə əsasən, 1922-ci ildə kənddə 77, 1926-cı ildə 87, 1931-ci ildə isə 111 azərbaycanlı yaşayıb.
Məqalədə qeyd olunur ki, 29 noyabr 1920-ci ildə Sovet Ermənistanı elan edilib, ertəsi gün isə Sovet Azərbaycanının rəhbərliyi Zəngəzurun Sovet Ermənistanına verilməsi barədə qərar qəbul edib. Nəticədə keçmiş Zəngəzur qəzasının qərb hissəsi Ermənistan SSR-in, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb.
Sovet dövründə Qıvraq 1930-cu ildə yaradılmış Sisian rayonuna daxil olub. Araşdırmada erməni mənbələrinə istinadən bildirilir ki, 1940-cı ilədək kənddə yalnız azərbaycanlılar yaşayıblar. Həmin il sakinlər kollektivləşmə ilə əlaqədar qonşu Sofulu kəndinə (indiki Njde) köçürülüb, Qıvraq isə ləğv edilib. Kənddə qalan tikililərdən sonradan anbar kimi istifadə olunub.
2021–2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi üçün sahə tədqiqatları aparılıb. SSRİ Baş Qərargahının xəritələrindəki koordinatlar əsasında Qıvraq ərazisində onlarla dağılmış məzar daşının qaldığı azərbaycanlı qəbiristanlığının qalıqları aşkar edilib.
Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində müasir Ermənistan ərazisində azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd haqqında məlumat toplanaraq sistemləşdirilib. Həmin kəndlərin bəzilərində qəbiristanlıqlar, pirlər və məscidlər kimi türk mədəni-tarixi irsinin qalıqları bu günədək qorunub saxlanılıb.