Vuçiç: Serbiyanı çətin dövr gözləyir

Digər ölkələr
  • 27 oktyabr, 2026
  • 23:29
Vuçiç: Serbiyanı çətin dövr gözləyir

Serbiyanı çətin dövr gözləyir, lakin Serbiya Tərəqqi Partiyası (SNS) ölkəni yenidən düzgün yola qaytaracaq.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu "Birləşmiş Serbiya" siyahısının lideri Aleksandar Vuçiç "Informer" telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, SNS bütün siyasi hərəkatlarla və xoş niyyətli insanlarla dialoqa hazırdır.

"Biz təcrübəli, möhkəm insanlarıq və çox çətin sınaqlardan keçmişik. 2000-ci ildə də eyni çətinliklərlə üzləşdik, qalib gəldik, ölkənin simasını dəyişdik və əlavə olaraq 550 min iş yeri yaratdıq. Ümid edirəm ki, bu dəfə bunu etmək üçün o qədər gözləməli olmayacağıq. Əminəm ki, bunu yenidən bacaracağıq", - deyə Vuçiç vurğulayıb.

O, "Tələbə siyahısı"nı indiyədək ən pis siyasi alternativ adlandırıb və bu siyahının nümayəndələrinin siyasi təcrübəyə, eləcə də ciddi siyasi biliklərə malik olmadığını iddia edib.

Vuçiçin sözlərinə görə, "Tələbə siyahısı"nın formalaşdıracağı yeni hökumət Serbiyaya qarşı yönəlmiş siyasət yürüdəcək.

O iddia edib ki, belə bir hökumət BMT Baş Assambleyasında Serbiyanın mövqeyinə uyğun əldə edilmiş nəticələri ləğv edə, serb xalqını soyqırımı törətmiş xalq kimi tanıya və Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.

"Birləşmiş Serbiya" siyahısının lideri yeni hökumətin xarici işlər nazirinin kim olacağı barədə də məlumat aldığını bildirib. O, bu təyinatın tələbə plenumları tərəfindən deyil, kənardan müəyyənləşdirildiyini iddia edib.