Baş nazir: Almaniya avrointeqrasiya prosesində Ermənistanı dəstəkləyir
- 18 noyabr, 2026
- 17:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın xarici işlər naziri Yohan Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistanın Baş naziri Almaniya ilə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
O, demokratik islahatlar proqramının irəlilədilməsində, eləcə də Ermənistan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafına kömək göstərilməsində Almaniyanın Ermənistan hökumətinə verdiyi dəstəyi qeyd edib.
Nikol Paşinyanın sözlərinə görə, Almaniya Aİ üzvü kimi Ermənistanın əsas tərəfdaşlarından biridir və yüksək səviyyəli siyasi dialoq dinamik və müntəzəmdir.
Öz növbəsində, Y.Vadeful Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasının vacibliyini vurğulayaraq, formalaşmaqda olan konstruktiv mühitin regional əlaqələrin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Onlar Ermənistan və Almaniya arasında əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələləri müzakirə ediblər. Xüsusilə, "yaşıl enerji" sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Ermənistan və Aİ arasında ticarət-iqtisadi əlaqələrin inkişafına, eləcə də Ermənistan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlara toxunulub.
Eyni zamanda, regional hadisələr və cari proseslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.