Avropa İttifaqının Sanksiyalar İdarəsi təsis edilib

Digər ölkələr
  • 18 noyabr, 2026
  • 17:24
Avropa İttifaqının Sanksiyalar İdarəsi təsis edilib

Avropa Komissiyası sanksiyaların hazırlanması, həyata keçirilməsi, onlara riayət olunmasının təmin edilməsi və yayınma hallarının qarşısının alınması üzrə fəaliyyəti əlaqələndirəcək Aİ-nin Sanksiyalar İdarəsini (EU Sanctions Office) təsis edib.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Yeni idarə üçüncü ölkələrlə qarşılıqlı fəaliyyət də daxil olmaqla, sanksiya prosesinin bütün mərhələlərində Avropa Komissiyasının ekspert biliklərini birləşdirəcək. O, Aİ-nin üzv dövlətlərə və tərəfdaşlara, xüsusilə Rusiya, Belarus, İran, Şimali Koreya və Suriyaya qarşı sanksiya rejimləri üzrə, eləcə də hibrid təhdidlərə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində sanksiya siyasətini əlaqələndirəcək.

İdarə məhdudlaşdırıcı tədbirlərin əlaqələndirilmiş şəkildə tətbiqini təmin etmək üçün üzv dövlətlərə sanksiyalara riayət olunması, məlumat mübadiləsi, iqtisadi və texniki analiz məsələlərində dəstək göstərəcək.

İdarə avrokomissar Mariya Luis Albukerkenin siyasi məsuliyyəti altında Avropa Komissiyasının Baş Katibliyinin strukturunda yaradılacaq.

Avropa Komissiyası isveçli diplomat Lars Danielssonu sanksiyaların həyata keçirilməsi məsələləri üzrə Aİ-nin beynəlxalq xüsusi nümayəndəsi təyin edib. O, fəaliyyətdə olan nümayəndə Devid O'Sallivanın mandatı başa çatdıqdan sonra 2027-ci il fevralın 6-da vəzifəsinin icrasına başlayacaq.

Danielsson əvvəllər İsveçin Baş nazirinin aparatında yüksək vəzifələrdə, o cümlədən beynəlxalq işlər və Aİ məsələləri üzrə dövlət katibi vəzifəsində çalışıb, 2016-2023-cü illərdə isə İsveçin Avropa İttifaqı yanında səfiri və daimi nümayəndəsi olub.

Yeni dəyişikliklər 2027-ci il yanvarın 16-da qüvvəyə minəcək.