Ekspert: "İndi ABŞ tərəfinə Cənubi Qafqazdakı vəziyyətə diqqət nümayiş etdirmək sərfəlidir" - RƏY

Qarabağ
  • 21 iyun, 2019
  • 14:07
Ekspert: İndi ABŞ tərəfinə Cənubi Qafqazdakı vəziyyətə diqqət nümayiş etdirmək sərfəlidir - RƏY

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasındakı danışıqlar, Bakı və Yerevan nümayəndələrinin ABŞ prezidentinin müşaviri Con Boltonla görüşləri formal xarakter daşıyırdı.

Bu barədə "Report"a Rusiyanın Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yükunlarını şərh edərkən bildirib.

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfəri ərəfəsində Cənubi Qafqazın bir çox nəşrləri XİN başçıları arasında danışıqlara yox, nazirlərin Con Boltonla görüşlərinə daha böyük maraq göstərirdi. Elə ABŞ-ın ekspert cəmiyyəti tərəfindən də görüşlə bağlı gözləntilər yüksək idi", - M.Neyjmakov deyib.

O, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın mayın sonlarında verdiyi müsahibələrindən birində Vaşinqtonda dolaşan söz-söhbətlərə əsasən, məhz C.Boltonun ABŞ-ın Cənubi Qafqaz regionuna "qayıdışı" üçün lobbiçi olduğunu söylədiyini xatırladıb.

"Buna baxmayaraq, hələlik həm XİN başçıları arasındakı görüşün, həm də Bakı və Yerevan nümayəndələri ilə ABŞ prezidentinin müşaviri arasındakı danışıqların formal xarakter daşıdığını düşünməyə daha çox əsas var. Yayda Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik, bir qayda olaraq, artır, təmas xəttindəki rezonanslı hadisələr dünən XİN başçılarının Vaşinqtondakı görüşü ərəfəsində də müzakirə olunub. Bu şəraitdə ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyətə nəzarət etdiklərlərini göstərməlidirlər", - rusiyalı ekspert vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ehtiyatlı taktikadan istifadə etməkdə təmkinli davranır.

"Yay aylarında Vaşinqton, çox güman ki, ənənəvi yanaşmaya sadiq qalacaq: vəziyyətə görə məsuliyyəti üzərinə götürməkdən yayınmaqla münaqişə tərəflərlərindən çox şey gözləyəcək. Nahaq yerə ABŞ-ın Yerevandakı sabiq səfiri Con Evans XİN başçılarının ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşünü şərh edərkən "Bolton Dağlıq Qarabağ haqqında düşünmür" deyib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfəri ilə əlaqədar ABŞ-ın maraqlarını qiymətləndirərkən qeyd etmək olar ki, indi ABŞ tərəfinə Cənubi Qafqazdakı vəziyyətə diqqət nümayiş etdirmək eyni anda bir neçə beynəlxalq oyunçuya, o cümlədən Rusiya, İran, Avropa İttifaqının nəhənglərinə siqnal göndərmək baxımından sərfəlidir. Təkrar edirəm, hazırda Vaşinqtona Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi siyasi investisiyalar qoymaq sərfəli deyil", - rusiyalı analitik hesab edir.