"Region Plus" analitik jurnalının 20 yaşı tamam olur - VİDEO
- 28 fevral, 2026
- 11:08
Azərbaycanda nəşr olunan "Region Plus" analitik jurnalının 20 yaşı tamam olur.
"Report" xəbər verir ki, indiyədək jurnalın 539 buraxılışı Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.
Hadisələrə analitik baxışı ilə media məkanında fərq yaratmış jurnalın əməkdaşları "Qarabağda qazandığımız böyük Zəfəri informasiya məkanında möhkəmləndirməliyik" deyirlər.
Jurnalın baş redaktoru Emin Ələkbərov vurğulayır ki, bu illər ərzində qələbə xəbərlərini yazmaq onlara nəsib olub və bu da böyük sevinc hissi doğurur: "Biz bilirik ki, dərc olunan analitik məqalələrimiz oxunur, bununla bağlı rəylər də alırıq. Mehriban kollektiv və peşəkar mühit formalaşdırmağa müvəffəq olmuşuq. Çalışacağıq ki, hər zaman öndə olaq".
Bu gün həmkarlarımız Azərbaycanın müəllifi olduğu sülh gündəliyindən, "Böyük qayıdış"dan, yeni dünya nizamının yaradılmasında ölkəmizin oynadığı roldan, qlobal layihələrdə iştirakından yazırlar. Jurnalın iqtisadiyyat şöbəsinin müdiri Nurlana Quliyevanın sözlərinə görə, ekspert səviyyəsində müəllifləri var: "Qürurverici haldır ki, çap mediası olaraq Azərbaycan mətbuatında öz yerimizi qoruyub saxlaya bilmişik".
"Region Plus" Azərbaycanın beynəlxalq tanıtımında fəal iştirak etməyə də çalışır. Jurnal regionda yeganə nəşrdir ki, simvolik ABŞ bayrağı mükafatına layiq görülib. Həmin bayraq və Kapitolinin, yəni ABŞ Konqresi binasının baş memarı Stiven Ayresin imzaladığı sertifikat bu gün redaksiyanın mükafatları sırasında önəmli yer tutur.
Baş redaktorun müavini Elçin Hüseynov bildirir ki, ötən 20 il ərzində oxuculara yüksək səviyyədə jurnal təqdim etməyə çalışıblar: "Yubileyimiz münasibəti ilə oxucularımızı və özümüzü təbrik edir, kollektivimizə ilham, cəsarətli ideyalar, yeni peşəkar uğurlar arzu edirəm".
Sosial və mədəniyyət şöbəsinin müdiri Sabirə Ələkbərova kontentlərinin hər zaman səmimi reaksiya doğurduğunu deyir: "Burda işlədiyim dövr mənim üçün həyatımın ən xoşbəxt illərindən hesab olunur. Ad günümüz münasibəti ilə kollektivimizi və oxucularımızı təbrik edirəm".
Oxucuları arasında böyük rəğbət qazanmış "Region Plus" jurnalı peşəkar analitiklər, millət vəkilləri və tanınmış imza sahibləri ilə fəaliyyətinin üçüncü ongünlüyünə qədəm qoyur. Biz də "Report" İnformasiya Agentliyi adından həmkarlarımızı təbrik edir, onlara böyük nəaliyyətlər arzulayırıq!