İlkin hüquqi yardım göstərəcək paraleqalların ali təhsil sahəsinə dair tələb qoyulmayıb

Milli Məclis
  • 19 oktyabr, 2026
  • 17:25
İlkin hüquqi yardım göstərəcək paraleqalların ali təhsil sahəsinə dair tələb qoyulmayıb

İlkin hüquqi yardım göstərəcək paraleqalların ali təhsilinin hansı ixtisas və ya sahə üzrə olması heç bir fərq etməyəcək.

Bununla bağlı "Report"un sorğusuna cavab olaraq Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun baş məsləhətçisi Nəzrin Əliyeva məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsinə əsasən paraleqallar ali təhsilli şəxslərdir:

"Layihədə ali təhsilin konkret hansı ixtisas və ya sahə üzrə olması müəyyən edilmir. Müvafiq tələblərə cavab verən şəxslər ilkin hazırlıq təlimini müvəffəqiyyətlə başa vurub sertifikat əldə etdikdən sonra paraleqal statusu qazanırlar. Onların reyestri Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti tərəfindən aparılacaq".

N.Əliyeva bildirib ki, paraleqallar vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkillə bağlanmış mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərəcəklər:

"Layihədə konkret iş qrafiki və fəaliyyətin əsas və ya əlavə məşğuliyyət olması müəyyən edilmədiyindən, bu məsələlər qanunvericiliyin tələbləri nəzərə alınmaqla tərəflər arasında bağlanan müqavilədə razılaşdırıla biləcək".

Xatırladaq ki, "Pulsuz hüquqi yardım" haqqında yeni hazırlanan qanun layihəsində paraleqalların fəaliyyəti haqqında müddəalar qeyd olunub.

Layihəyə görə, paraleqal dövlət büdcəsindən ayrılmış vəsait hesabına ilkin hüquqi yardım göstərən, VK-nın üzvü olmayan, paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vuraraq sertifikat alan və VK tərəfindən təşkil olunan ixtisasartırma kurslarında mütəmadi olaraq iştirak edən ali təhsilli şəxslər olacaq.

Paraleqal olaraq fəaliyyət göstərmək istəyən ali təhsilli şəxslər Vəkillər Kollegiyasına müraciət edəcəklər.

44 - Tezliklə