Kənan Kərimzadə: Gələn il 100 məktəb yeni maliyyələşmə sisteminə keçəcək
- 13 noyabr, 2026
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ildə əlavə olaraq 100 məktəbin adambaşı maliyyələşmə mexanizminə keçidi üçün 223,8 milyon manat vəsait nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hazırda 500 məktəbdə bu mexanizm tətbiq olunur:
"Valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində artıq 8 min uşaq məktəbəqədər təhsilə cəlb edilib. Gələn il isə özəl sektorun imkanlarından istifadə etməklə bu göstəricinin 12 min uşağa çatdırılması planlaşdırılır. Bu mexanizm çərçivəsində dövlət hər bir uşağın özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70 faizini ödəyir. Növbəti il bu təşəbbüsün həyata keçirilməsi üçün 37,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub".
K.Kərimzadə həmçinin bildirib ki, 2030-cu ilədək layihənin 30 min uşağı əhatə etməsi planlaşdırılır:
"İslahat nəticəsində ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi vergi və sosial sığorta ödənişləri şəklində yenidən dövlət büdcəsinə və müvafiq fondlara qayıdacaq. Əgər bu islahatı tam həyata keçirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə vergi gəlirləri şəklində Dövlət Vergi Xidmətinə daxil olacaq".