Nazir müavini: Azərbaycanda 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemləri qalmayacaq
- 13 noyabr, 2026
- 12:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemləri qalmayacaq.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Milli Məclisdə dövlət qurumları ilə ən çox müzakirə olunan məsələlərdən biri məktəb tikintisi və infrastrukturudur:
"Son illərdə Prezidentin birbaşa diqqət və qayğısı ilə həyata keçirilən proqramlar nəticəsində 3600-dən çox məktəb ya tikilib, ya əsaslı təmir edilib. Görülən bu işlərin nəticəsində 1,3 milyondan çox şagirdimizin təhsil və təlim şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, qeyd etmək istərdim ki, mövcud infrastrukturu yararsız olan məktəblərin sayı 900-dən 400-ə qədər azaldılıb. Planımız var, 2030-cu ilə qədər bizim ümumi təhsildə infrastruktur problemləri yəqin ki qalmayacaq".
Nazir müavini bildirib ki, 2026-2027-ci tədris ilində 53 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılacaq və bu çərçivədə 11 müəssisə artıq istifadəyə verilib.