Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir
- 06 noyabr, 2026
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Vergi öhdəliklərinin vaxtında ödənilməməsinə görə hesablanan faizlərin iki dəfə azaldılması barədə təklif irəli sürülüb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ixraca yönəlmiş fəaliyyətin həvəsləndirilməsi də nəzərdə tutulan dəyişikliklərin prioritet istiqamətlərindən birini təşkil edir:
"Bu sahədə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə əlavə vergi güzəştlərinin tətbiqi təklif olunur. İrəli sürülən təşviqlər təkcə malların deyil, eyni zamanda xidmətlərin ixracını da əhatə edir. Həmin dəyişikliklər yerli sahibkarlıq subyektlərinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ölkənin ixrac potensialının gücləndirilməsinə hesablanıb".
O. Nəzərli vurğulayıb ki, mühüm yeniliklərdən biri də vergi öhdəliklərinin müəyyən olunmuş vaxtda icra edilməməsinə görə hər gecikdirilmiş gün üçün tətbiq olunan faizlərin iki dəfə azaldılmasının təklif edilməsidir: "Bununla yanaşı, maliyyə sanksiyalarının daha qısa müddət ərzində ödənilməsini təşviq etmək məqsədilə əlavə həvəsləndirici mexanizmlərin tətbiqi də nəzərdə tutulur".