Vergi Məcəlləsinə dəyişiklikdən təxminən 10 min vergi ödəyicisi faydalanacaq
- 06 noyabr, 2026
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Vergi Məcəlləsinə dəyişiklikdən təxminən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklər mikro və kiçik sahibkarlığın dəstəklənməsini, vergi ödəyicilərinin vergi öhdəliklərini vaxtında yerinə yetirməsinin stimullaşdırılmasını, kənd təsərrüfatında yeni vergitutma mexanizminin tətbiqi ilə ayrı-ayrı sektorların inkişafını, həmçinin bir sıra vergi güzəştlərinin müddətinin uzadılmasını əhatə edir: "Bu çərçivədə növbəti il üçün təklif olunan mühüm dəyişikliklərdən biri mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına, fəaliyyətlərinin dayanıqlığının təmin edilməsinə və uzunmüddətli böyümə imkanlarının genişləndirilməsinə yönəlib. Ən azı iki il kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicilərinə müəyyən şərtlər daxilində gəlir və ya mənfəət vergisi üzrə beşillik güzəştin tətbiqi nəzərdə tutulur".