"Unibank"ın istiqrazlarına 23 investor maraq göstərib
- 26 dekabr, 2024
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Unibank" ASC-nin 11 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 11 000 ədəd istiqraz premium bazar seqmentində, kütləvi təklif üsulu ilə investorlara təklif olunub. Hərraca 23 investor 11 milyon dollarlıq 23 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 72 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.