"Prior Credit" BOKT-un aktivləri azalıb
- 03 iyun, 2024
- 07:04
Yeniliklərdən dərhal xəbərdar olun!
"Prior Credit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 104 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2022-ci ildən 342 min manat zərərlə çıxmışdı.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "Prior Credit"in vergiyəqədərki mənfəəti 130 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri 26 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Prior Credit"in aktivləri 3,281 milyon manat olub ki, bu da illik müqayisədə 0,5 % azdır. Bunun 2,847 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 10,1 % kiçilib.
Hesabat dövründə "Prior Credit"in öhdəlikləri 10,2 % azalaraq 1,053 milyon manat, balans kapitalı 4,9 % artaraq 2,229 milyon manat, o cümlədən nizamnamə kapitalı 30 % azalaraq 2,1 milyon manat olub.
Xatırladaq ki, “Prior Credit” 2020-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % "Prior Leasing" ASC-dir.