“Premier Kredit” BOKT-un xalis mənfəəti 45 % azalıb

Maliyyə
  • 27 may, 2024
  • 05:34
“Premier Kredit” BOKT-un xalis mənfəəti 45 % azalıb

“Premier Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 28 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 45,1 % azdır.

Ötən il “Premier Kredit”in vergiyəqədərki mənfəəti 35 min manat (əvvəlki ilə nisbətən 45,3 % az), mənfəət vergisi ödəmələri isə 7 min manat (46,2 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Premier Kredit”in aktivləri 2,361 milyon manat olub ki, bu da illik müqayisədə 61,5 % çoxdur. Bunun 2,14 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 62,1 % böyüyüb.

Hesabat dövründə “Premier Kredit”in öhdəlikləri 73,4 % artaraq 2,013 milyon manat, balans kapitalı isə 15,6 % artaraq 348 min manat, o cümlədən nizamnamə kapitalı 0,2 % azalaraq 400 min manat olub.

Xatırladaq ki, “Premier Kredit” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçiləri Şəhla Mehdiyeva (34%), Validə Əzizova (33% və İlahə Baxşəliyevadır (33%).