“Nas Project” BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 08 may, 2023
  • 06:01
“Nas Project” BOKT ötən ili mənfəətlə başa vurub

“Nas Project” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 209 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2021-ci ildən 30 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il "Nas Project"in vergiyəqədərki mənfəəti 254 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 45 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Nas Project”in aktivləri 2,612 milyon manat olub ki, bu da illik müqayisədə 66,1 % çoxdur. Bunun 2,421 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 63,9 % böyüyüb.

Hesabat dövründə "Nas Project"in öhdəlikləri 13 % azalaraq 1,134 milyon manata düşüb, balans kapitalı isə 5,5 dəfə artaraq 1,479 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,3 dəfə artaraq 1,3 milyon manata çatıb.

Xatırladaq ki, “Nas Project” 2020-ci ildə yaradılıb. BOKT-un səhmdarı 100% Məhəmməd Quliyevdir.