İnvestisiya şirkəti 400 milyon manatlıq istiqraz buraxılışına hazırlaşır
- 12 iyun, 2025
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda “PAŞA Kapital” investisiya şirkəti ümumi məbləği 400 milyon manatdan çox olan 10 qiymətli kağızın buraxılışı layihəsi üzərində işləyir.
“Report” xəbər verir ki, bu barədə “PAŞA Kapital”ın direktorunun satış üzrə müşaviri İlqar Tağıyev şirkətin 2024-cü ildəki fəaliyyətinin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.
"Hazırda 400 milyon manatdan çox məbləğdə 10 layihə üzərində iş aparılır. Bu təşəbbüslərdən biri də təminatlı istiqrazların buraxılışıdır. Bu istiqrazların İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən emissiya ediləcəyi gözlənilir", - İ.Tağıyev qeyd edib.
Onun sözlərinə görə, təminatlı qiymətli kağızların ümumi buraxılış həcmi 40 milyon manat təşkil edəcək ki, bunun da 10 milyon manatı dövlət zəmanəti ilə olacaq.
Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.