“İcraçı Kredit Agentliyi” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 05 aprel, 2024
- 14:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 8-də "Bakı Fond Birjası" QSC-də (BFB) “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) 99 min manatlıq faizli, adlı, sənədsiz, təminatsız istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 200 manat olan 495 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağlzların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.