"Embafinans” BOKT-un istiqrazlarına 2 investor maraq göstərib
- 04 noyabr, 2022
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) 1,5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 2 investor qiyməti 1 000 manat (10%), ümumi məbləği isə 1,5 milyon manat olan 2 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.